Ümumi məlumat

Şəki rayonu Böyük Qafqazın cənub yamacında, dəniz səviyyəsindən 500-850 m hündürlükdə yerləşməklə, Azərbaycan Respublikasının antropogen təsirə qismən az məruz qalan subyektlərindən biridir. Ərazisi 2 432,7 kv.km, əhalisinin sayı 01.01. 2019-cu il tarixə 186,5 min nəfərdir. Onlardan 68,3 min nəfəri şəhər, 118,2 nəfəri kənd ərazisində yaşayır.

Şəki şəhəri Şəki-Zaqatala iqtisadi rayonunun ən iri sənaye və mədəniyyət mərkəzidir. Şəhər şimal və şərqdən meşəli daglarla, cənubda Qanıx-Əyriçay düzənliyi ilə, qərbdə isə dünyanın ən selli dag çaylarından biri hesab edilən Kiş şayının yatagı ilə əhatələnir. Burada atmosferi, fauna və floranı korlayan, insanların sağlamlığına mənfi təsir göstərə bilən sənaye müəssisələri demək olar ki, yoxdur.

Məşğul əhalinin əsas hissəsi kənd təsərrüfatında, sənayedə, tikintidə, ticarət və ictimai iaşədə, təhsil, səhiyyə və digər xidmət sahələrində çalışır.

Şəki rayonu 1 şəhər, 2 qəsəbə (Turan və Çələbixan) və 68 kənd yaşayış məntəqəsini əhatə edir. Rayonda 1 sahə inzibati ərazi dairəsi, 1 qəsəbə və 31 kənd inzibati  ərazi dairəsi üzrə nümayəndəlik və 1 məcburi köçkünlər qəsəbəsi üzrə icra nümayəndəliyi, 1 şəhər, 1 qəsəbə və kəndləri əhatə edən 38 bələdiyyə mövcuddur.

Rayonda 353 idarə və təşkilat, 15 bank filialı, 14 mehmanxana, 1 rabitə və 1 poçt müəssisəsi fəaliyyət göstərir. 

Rayon əlverişli nəqliyyat kommunikasiyasına malikdir. Dəmir yolu, avtomobil, boru kəmər və hava nəqliyyatı inkişaf etmiş rayonun iqtisadi və sosial inkişafında mühüm əhəmiyyət kəsb edir. Paytaxt Bakı ilə Şəki şəhəri arasında məsafə Bakı-İsmayıllı-Balakən avtomagistralı ilə 299 km, Bakı-Yevlax-Balakən avtomagistralı ilə360 km-dir.

Şəkinin iqlimi mülayim-isti, yüksək dağlıqda isə soyuq tiplidir. Yayda ölkənin düzənlik rayonlarında güclü istilər düşdükdə bu ərazidə havalar nisbətən sərin və günəşli keçir. Rayonun iqlim və balneoloji əhəmiyyətini öyrəndikdə məlum olur ki, ilin soyuq dövründə 00-30C-dən çox olan havaların təkrarlanması üstünlük təşkil edir. Şaxtalı havalar az olduğuna görə qar uzun müddət qalmır. Qış aylarında günəşli havaları təkrarlanır ki, bu da havanın mülayim keçməsinə səbəb olur.

Rayonun iqlim əlverişliyini qiymətləndirdikdə məlum olur ki, ərazidə komfortlu günlərin təkrarlanmasının 150 gündən çox olması, temperaturun sutkalıq gedişində günəşli günlərin təkrarlamasının üstünlüyü, dağətəyi zonada əlverişli mikroiqlim şəraiti turist-istirahət imkanlarını artırır.

Bölgədə turizmin inkişafına əlverişli imkanlar yaradan amillərdən ən başlıcası landşaft ekzotikliyidir. Rayonun landşaft ekzotikliyinə mənzərəli dağ meşələrini, şəlaləli dağ çaylarını, yolların kənarı boyu uzanan qoz ağaclarını, bir-birinin ardınca düzülmüş Baş Qafqazın nəhəng qarlı dağlarını, dağ ətəklərində yaranan çayların gətirmə konuslarını aid etmək olar. Şəki rayonu və ona bitişik ətraf ərazilər respublikamızda ən çox meşə ilə örtülmüş ərazilərdəndir. Rayonda geniş meşə massivlərinin yayılması landşaft ekzotikliyini artırır ki, bu da istirahət və turizmin təşkili üçün əlverişli imkan yaradır. Meşələrin təmiz havası, gözəl dağ mənzərələri, gursulu çayları, zəngin heyvanat aləmi burada istirahətə gələnləri daha çox cəlb edir.

Rayonun əsas turizm ehtiyatlarından biri də təbiət abidələridir. Bunlardan yaşı 1000 ilə çatan palıd ağacları, xan çinarları, şəlaləli dag çayları, Kiş kəndi ətrafındakı şam meşəsi, Xan yaylağı, Marxal və Şabalıd biosenozu bənzəri olmayan təbiət abidələrindəndir.

Təbii şəraitinə, xüsusilə əsas iqlim amillərinə görə xaricdə “qohumları” yox, analoqları, oxşarları var. Şəki sanki Bolqarıstanın güllər diyarı Kazanlıkla, İtalyanın cənubunda geniş üzüm və zeytun plantasiyaları olan Potensa, Himalay dağlarının cənub ətəklərində yerləşən Srinaqar şəhərləri ilə əkizdir.

Təbiət abidələrinin ekzotikliyini artıran digər amil gül-çiçəkli mənzərələr, sərin hava, quşların səsi və heyvanların hənirtisi və s. ətraf aləmi daha da canlandırır. Burada əsas fauna növlərindən Qonur ayını, Dağıstan turunu, dağ keçisini, köpdəri, cüyürü, Qafqaz ularını, oxlu kirpini, süleysini, qırqovulu və s. qeyd etmək olar.

Şəki bu gün Azərbaycanda turizmin yüksək səviyyədə inkişaf etdiyi bölgələrdən birinə çevrilmişdir. Şəkidə turizm infrastrukturunun yaradılması istiqamətində mühüm işlər görülmüş, müasir tipli istirahət mərkəzləri, yeni otellər istifadəyə verilmişdir. Şəki qədimdən turistlər üçün cəlbedici məkan olmuşdur. Son on ildə isə rayonda yeni turizm obyektləri, mehmanxanalar,istirahət mərkəzləri yaradılmışdır. Dördulduzlu “Şəki-Saray”, “Sheki-Palace”, “Green Hill” otellərinin açılışlarında dövlət başçısı İlham Əliyev iştirak etmişdir. “Narınqala” oteli, “Cənnət bağı”, “Kiş adası” istirahət mərkəzlərində turistlərə yüksək xidmət göstərilir. Regionun ən böyük turizm obyektlərindən sayılan “Marxal” istirahət və müalicə kompleksi istifadəyə verilmiş,“Qala” otelinin tikintisi isə davam etdirilir.