Tarix və yeni dövr

Şəki Azərbaycanın ən qədim şəhərlərindən biridir. Orta əsrlərə dair mənbələrdə onun adı Şəkə, Şaki, Şaka, Şakki, Şakke, Şekən, Şakkan, Şəkin kimi müxtəlif şəkillərdə işlənmişdir. Şəki şəhəri uzun müddət Nuxa da adlanmışdır.

Müasir Şəki şəhərinin əsası hələ e.ə. VIII əsrdə, yəni təxminən 2700 il bundan əvvəl saklar tərəfindən qoyulmuşdur. Vaxtilə Sakasena və ya Şakaşen adlanan bu yerin adı müasir şəklə düşənə qədər uzun təkamül yolu keçmişdir”.

Mənbələrin veriyi məlumata görə, vaxtilə indiki Şəki şəhərindən 10-15 km cənubda olmuş köhnə Şəki şəhərini Sasani hökmdarı I Qubad (488—531) tikdirmişdir. Sonradan Şəki Qafqaz Albaniyasının ən iri şəhərlərindən birinə çevrildi. Şərq kilsələrinin anası hesab olunan qədim Kiş Alban məbədi də məhz Şəki şəhəri yaxınlığında yerləşmişdi. Ərəb istilası ərəfəsində Qafqaz Albaniyasının 11 inzibati vilayətindən biri Şəki əyaləti idi. Ərəb işğalları nəticəsində Şəki əyaləti III əmirliyin tərkibinə daxil edildi. Xilafətin zəiflədiyi bir dövrdə Şəkidə müstəqil knyazlıq yarandı. XV əsrin I yarısında Hülakilər dövləti iflasa uğradıqdan sonra Şirvanşahlar dövləti ilə yanaşı Şəki də müstəqillik qazandı və Orlat sülaləsi hakimiyyətə gəldi. 1551-ci ildə şah Təhmasib Şəkinin müstəqilliyinə son qoydu. Şəki Səfəvilər dövlətinə birləşdirildi.

1747-ci ildə yaranmış Şəki Xanlığı Azərbaycan xanlıqları içərisində ən güclü feodal dövləti idi.XVIII əsrin birinci yarısında Şəkidə İran əsarətinə qarşı üsyanlar başlayır ki, bu hərəkata yerli feodal Hacı Çələbi Qurban oğlu başçılıq edirdi. 1743-cü ildə Nadir şahın Şəkidəki hakimi Məlik Nəcəf Hacı Çələbi tərəfindən öldürülür. 1744-cü ildə Nadir şah böyük ordu ilə Şəkiyə hücum edir, Hacı Çələbi “Gələrsən-görərsən” qalasına çəkilir. Dörd ay qalanı mühasirədə saxlayıb öz məqsədinə çata bilməyən Nadir şah Şəkidən geri qayıdır. Lakin o, şəhəri viranə qoyur. 1747-ci ildə Nadir şah öldürüldükdən sonra Hacı Çələbi Şəkinin ilk xanı olur.

Hacı Çələbi xan Azərbaycan əyalətlərini Şəki xanlığı ətrafında birləşdirmək siyasətini həyata keçirərək, Qəbələ, Ərəş, Qutqaşen  sultanlıqlarını, Car-Balakən camaatını özünə tabe etmiş, Qarabağ, Naxçıvan, Qaradağ və Gəncə xanlarının birləşmiş qüvvələrinə təzyiq göstərə bilmişdir. O, Gəncə, Qazax, Şamxor və Borçalı uğrunda mübarizə aparan Kartli çarı Teymuraz və Kaxeti çarı II İrakli üzərində bir neçə dəfə qələbə çalmış, 1752-ci ildə onlara əsir düşmüş qarabağlı Pənah xanı, irəvanlı Hüseynəli xanı, naxçıvanlı Heydərqulu xanı, qaradağlı Qasım xanı, gəncəli Şahverdi xanı azad etmiş, gürcü çarınının qoşununu Şamxor yaxınlığında məğlubiyyətə uğratmışdır. On iki il hakimiyyət başında olan Hacı Çələbi xan vergi sistemində qayda-qanun yaratmış, Şəkidə abadlıq işləri aparmış, mədrəsə, məscid və hamamlar tikdirmişdir. Çox haqlı olaraq indi Şəkinin küçələrindən biri Şəki xanlığının banisi Hacı Çələbinin adını daşıyır. Xanlıqlar dövründə Şəki inkişaf etmiş, elm-sənət yüksəlmiş və bu əyalət daha çox tanınmışdır. Şəki xanlarından bir çoxu açıq fikirli, elm və mədəniyyət tərəfdarı olmuşlar. Bu baxımdan Şəkinin görkəmli dövlət adamlarından biri də Şəki xanları nəslindən olan Məhəmməd Hüseyn xandır. 20 ilə yaxın Şəki xanlığını idarə edən və ağıllı, tədbirli şəxs kimi tanınan Məhəmməd Hüseyn xan XVIII əsrdə Şəkidə məscid, mədrəsə, ictimai binalar tikdirmiş, vergi sistemini qaydaya salmış, xanlığın möhkəmləndirilməsi istiqamətində mühüm işlər görmüşdür. Azərbaycanın, eləcə də Şərq memarlığının nadir abidələrindən sayılan Xan sarayını məhz Məhəmməd Hüseyn xan tikdirmişdir. Elmə, sənətə yüksək qiymət verən Şəki xanı həm də “Müştaq” təxəllüsü ilə şeirlər yazırdı. Öz dövrünün tanınmış şairi, məşhur siyasi və ictimai xadimi, Qarabağ xanı İbrahimxəlil xan Cavanşirin baş vəziri Molla Pənah Vaqiflə yaxından dostluq edən Hüseyn xan Müştaq öz iqamətkahında vaxtaşırı şeir məclisləri təşkil edirdi.O, ədalətli hökmdar olmaqla bərabər, eyni zamanda mədəniyyət fədaisi,  incə ruhlu bir şair idi. Lakin Rusiya İmperiyasının işgalından sonra, 1805-ci il Kürəkçay müqavıləsinə əsasən Şəki xanlığı Rusiyadan vassal asılılığına düşdü. 1813-cü il Gülüstan sülh müqaviləsi ilə İran - başqa sözlə Qacariyyə dövləti, Şəki xanlığı ərazisinin Rusiya imperiyasına birləşdirilməsini rəsmən tanıdı. 1819-cu ildə Şəkidə xan üsul-idarəsi ləğv olundu. Xanlığın əvəzinə Şəki əyaləti yaradıldı. 1840-cı ildə Kaspi vilayətinin tərkibində Şəki qəzası yaradıldı. Qəza 1846-cı ildən Şamaxı quberniyasının tərkibinə daxil oldu və Nuxa qəzası adlandırıldı. Çar Rusiyası Şəki xanlığını 1819-cu ildə ləğv etdikdən 5 il sonra - 1824-cü ildə, onun keçmiş ərazisində, yəni Şəki əyalətində, əhalinin ilk siyahıyaalınmasını keçirdilər. Həmin siyahıyaalma nəticələrinə əsasən o vaxt Qışlaq və Çapağan kəndləri də inzibati cəhətdən Nuxa şəhərinin tərkibində idi və bu kəndlərlə birlikdə Nuxa şəhərinin əhalisi 13 min 351 nəfər idi.  Kaptalizmin inkişafı dövründə şəhər inzibati cəhətdən məhəllələrə bölünürdü. 1920-ci il may ayının 5-də Şəkidə sovet hakimiyyəti quruldu. 1930-cu ildə Azərbaycan SSR-nin inzibati ərazi bölgüsündə dəyişiklik edildi və Nuxa rayonu təşkil edildi. 1963-cü il yanvar ayının 4-də Nuxa rayonu ləğv edilərək ərazisi Vartaşen (indiki Oğuz) rayonuna verildi, respublika tabeçiliyində Nuxa şəhəri yaradıldı. 1965-ci ildən yenidən müstəqil Nuxa rayonu təşkil edildi. 1968-ci ildən ərazi Şəki şəhəri adlanmağa başladı.