Mədəni irs

Şəki Azərbaycanın ən gözəl ən qədim şəhərlərindən biridir.Şəki şəhəri ona aid olan qədim və qeyri-adi arxitekturası ilə, təbii gözəlliyi, meşə dağ, çay və bulaqları, qənbər döşənmiş dolanbac yolları, planlı salınmış kəsişən küçələri, dar dalanları, şəhəri təmiz saxlayan axar sulu arxları, çay daşlarından mozayka formasında hörülmüş hasarları, qırmızı kirəmitlə inşa olunmuş dam örtükləri və s. özəllikləri ilə fərqlənir. Qalayçı və dulusçuların, dəmirçilərin, kərpickəsənlərin, zərgərlərin emalatxanaları hələ də fəaliyyətdədir. Şəki dükanlarında sənətkarların yaratdığı təkəlduzlar, toxuduğu kəlağayılar, müxtəlif Şəkiyə aid süvenir və toxumalar, papaqlar, şərflər, bəzəkli çantalar, xalçalar, masa örtükləri və s. satılır və dünyanın hər yerinə yayılır.

Şəki hələ qədim dövrlərdən sənətkarlıq şəhəri kimi məşhurlaşmışdır. Şəkini şəhər həyatı ilə əkiz yaranan sənət sahələrinin xeyli hissəsi yaxın keçmişədək davam etməkdə idi. Dəmirçilik,silahsazlıq, nalbəndlik, misgərlik, qalayçılıq ,başmaqçılıq,xalçaçılıq, boyaqçılıq,bənnalıq,dülgərlik, xarratlıq, şəbəkəçilik və sair qədim köklərə malik onlarla istehsal sahəsi Şəkinin sənət məbədinin sütunlarını təşkil edirdi. 1848-ci ildə əhalinin təkcə  geyim və bəzək ehtiyaclarını ödəmək üçün şəhərdə 235nəfər papaqçı,178-nəfər dabbaq ,147-nəfər başmaqçı , 154-nəfər dərzi, 41-nəfər gümüşbənd çalışırmış. Onlar təkcə Şəki əhalisinin deyil, habelə qonşu əyalətlərdən gəlmiş müştərilərin də təlabatını ödəyirdilər. Qədim sənət ənənələrini yaşadan səriştəli sənətkarlar hələdə Şəkidə çoxdur. Onların əməyi sayəsində Şəki açıq səma altında qaynar sənət həyatına malik möhtəşəm maddi mədəniyyət muzeyini xatırladır.

Sənətkarlıq və ticarəti özündə cəmləşdirən Şəki eyni zamanda ölkənin mühüm mədəni mərkəzlərindən biridir. Şəhərin qəribə quruluşu vardır. Qurcanaçay çay şəhəri 2 hissəyə bölür. Memarlıq abidələrindən “Şəki Xan sarayı”, “Şəkixanovların evi”, “Giləhli” məscidinin minarəsi, “Dairəvi” məbəd (XVII-XIX), “Zəyzit” məbədi (XI-XII), “Kiş” alban məbədi, Şəki karvansaraları, Narınqala tarix abidələri, görkəmli şəxsiyyətlərin ev muzeyləri, təbiəti, qalın meşələrlə örtülmüş dağları, qıvrıla-qıvrıla axan Kiş, Qurcanaçay və Dəyirmanarxı çayları insanı valeh edir. Dövlətin mühafizəsində olan 84 mədəniyyət memarlıq abidəsinin hər biri öz möhtəşəmliyi və qədimliyi ilə Şəkiyə böyük zənginlik və əzəmət gətirir.