Şəkidə Uşaq Musiqi Məktəbinin təqdimatında ilk olaraq uşaq operasının premyerası baş tutub

07/05/2019 1

Mayın 6-da Şəki Regional Kollecində Şəki Reional Mədəniyyət İdarəsinin dəstəyi və Şəki şəhər 3 nömrəli Uşaq Musiqi Məktəbinin təşkilatçılığı ilə görkəmli bəstəkar, Xalq artisti Soltan Hacıbəyovun 100 illik yubileyi ilə əlaqədar olaraq “Azərbaycan nağılları” motivləri və yazıçı Mir Mehdi Seyidzadənin ədəbi mətni əsasında əsasında dahi Nizami Gəncəvinin “ İsgəndərnamə” poemasından “İsgəndər və çoban” nağılı üzərindən hazırlanmış, regionda ilk uşaq operasının premyerası baş tutub. Premyeranın əvvəlində Uşaq Musiqi Məktəbinin direktoru Şəmsiyyət Əsgərova çıxış edərək, məktəbin müəllimləri Əfsanə Lətifova, konsertmeysterlər Aytən Müslümova və Yetər Cabbarova, Pərvin İsmayılova, musiqi müşaiyətçiləri Elbrus Mustafayev və Elşən Qaffarovun, direktor müavini Şəfa Abdullayevanın və məktəbin yaradıcı şagirdlərinin son iki ay ərzindəki davamlı məşqləri və gərgin çalışmaları sayəsində ərsəyə gələn tamaşanı Xalq artisti Soltan Hacıbəyovun 100 illik yubileyi münasibətilə hazırladıqlarını diqqətə çatdırıb, təşkilati dəstəyə görə Şəki Reional Mədəniyyət İdarəsinə və Şəki Regional Kollecinə təşəkkürlərini bildirib. Sonra tamaşaya baxış olub. Şəmsiyyət Əsgərovanın quruluş verdiyi və yeniyetmə məktəblilərin ifasında xüsusi məharətlə oynanılan tamaşa izləyicilər tərəfindən alqışlarla qarşılanıb. İdarə rəisi M.Zeynalova premyeranın sonunda çıxış  edərək, tamaşanın uğurlu olduğunu vurğulayıb, məktəb kollektivinə yeni nailiyyətlər arzulayıb.